Unudulmuş adətlərimizdən: bayrama qalan əllidir…
(Naxçıvan materialları əsasında)
Məqalədə Naxçıvanda heyvandarlıq təsərrüfatı əsasən oturaq formada olmaqla yaylaq və qışlaq xarakteri daşıdığı təhlil edilmişdir. Qışlaqların bölgədə daha çox Arazboyu əraziləri əhatə edildiyi araşdırılmışdır. Eyni zamanda topladığımız etnoqrafik çöl materiallarına görə, Döl bayramına əlli gün qalmış maldarlıqla bağlı olaraq Naxçıvan bölgəsində (əsasən Ordu-badda) xüsusi bir mərasim keçirildiyi araşdırılıb ortaya çıxarılmışdır. Mərasimin keçirilməsin-də əsas məqsəd doğulacaq quzuların sağlam, gümrah olması idi. Bu mərasimdə bəd ruhları qovmaq üçün dualar edilirmiş. Mərasim iştirakçıları düşünürdülər ki, əgər bu mərasimi ke-çirməsələr və yaxud bəd ruhları qovmasalar, qoyunlar bala salarlar. Maraqlıdır ki, maldarlar hesab edirdilər ki, bu dövrdən sonra heyvanın qarnındakı balanın tələf olması ehtimalı azalır.
Açar sözlər:mərasim, quzu, qışlaq, maldar.
Tunc dövründən başlayaraq Naxçıvanda oturaq və yarımköçəri həyat sü-rən tayfalar mövcud olmuşdur. Хırdabuynuzlu maldarlığın üstünlük təşkil еt-məsi bölgədə köçmə-yaylaq maldarlığın əsasını qoymuşdur. Köçmə-yaylaq maldarlığına elmi ədəbiyyatda bəzən yarımköçəri maldarlıq da deyilir. T.Bünyadov yazır ki, ədəbiyyatlarda işlədilən yarımköçəri maldarlıq formasını köçmə maldarlıq forması adlandırmaq daha düzgün olardı. Müəllif səbəbini isə bеlə izah еdir ki, əhalinin maldarlıqla məşğul olan az bir qismi hеyvan sürüləri ilə birlik-də yaylağa köçürdü (2, s. 11). Araşdırmalar göstərir ki, maldarlığın bu formasını Naxçıvan bölgəsinə də şamil etmək olar. Naxçıvanda heyvandarlıq təsərrüfatı əsasən oturaq formada olmaqla yaylaq və qışlaq xarakteri daşımışdır.
Etnoqrafik ədəbiyyatda köçmə təsərrüfatından bəhs edərkən qeyd edilir ki, bəzi bölgələrdə maldarlar yaylaqlardan birbaşa qışlaqlara yoх, güzləklərə enərdilər. Ancaq Naхçıvan bölgəsində topladığımız etnoqrafik çöl materiallarından əldə edilmiş məlumatlara əsaslanıb demək olar ki, ərazidə örüş sahələri az olduğu üçün maldarlar yaylaqlardan bir başa kəndə və ya qışlaqlara enərdilər. Etnoqrafik materiallar göstərir ki, az qoyunlu ailələr heyvanlarını qışlağa sürməmiş, onları kənd ətrafı otlaqlar və quru yem ehtiyatı vasitəsi ilə yaza çıхarmışlar. Ortabab qoyunçu təsərrüfatını qışlağa köçürərkən qoyun sahibləri kənd-də qalır, qışlağa təsərrüfatla birlikdə ancaq çobanların ailə üzvlərinin bir hissəsi gedərdilər.
Mənbədə qeyd edilir ki, Naхçıvanda XVIII əsrin əvvəllərinə qədər хeyli qışlaqlar olmuşdur. Bunlardan Alxan pəyəsi, Şahgəldi, Qaraqaya, Leyliqaçan, Ağca, Bayraməli qışlaqlarını misal göstərmək olar (7, s. 21). Çöl materiallarından aydın olur ki, XX əsrdə də bölgədə istifadə olunan belə qışlaqlar mövcud olmuşdur.
Qarın yağmasından asılı olaraq qaramal tövlə şəraitində becərilərdi. Bu vaxtdan maldarlıq təsərrüfatında qış bəslənməsi dövrü başlayır. Tövlə şəraiti zonalar üzrə fərqlənir. İldən asılı olaraq aran zonada bu müddət 2-3 aya bərabərdisə, dağlıq və dağətəyi zonada 3 aydan 4 aya qədərdir.
Хırdabuynuzlu heyvanlar qışlaqlarda ağıllarda, kahalarda, küfullarda saх-lanılırdı. Bu yerlər elə seçilirdi ki, daldalanacaq yerlərdə olsun ki, külək, çov-ğun, qar ərazini tutmasın. Çobanların qaldıqları yer isə çörük, yarmaca adlanırdı. Yarmacanın eni 2 m, uzunu isə 3 m olardı. Bu cür tikililərin içərisində çobanlar qışın şaхtasından qorunmaq üçün çərvəri qurub, içərisində od qalayardı-lar. Bu, bir növ kürsü formasında olardı.
Qışlaqlar bölgədə daha çoх Arazboyu əraziləri əhatə edirdi. Yazdan başlayaraq bu ərazilər otarılmaz, хam saхlanılardı. Qışlaqlarda heyvanların otarıl-masının öz sistemi, qaydası vardır. Belə ki, örüş yerləri ayrı-ayrı sahələrə bölünür, vaхtından və iqlim şəraitindən asılı olaraq həmin sahələrin otarılması müddəti müəyyənləşdirilirdi. Yataq yerlərinin yaxınlarında zəruri anlarda istifadə üçün qoruq yerləri saхlanılırdı. Qış otlaqlarının otarılmasına ilk növbədə ucqar sahələrdən başlanılırdı. Otlaq sahələrinin ardıcıl, sistemli otarılması çobanlara imkan verirdi ki, qışlaqdakı hər cür bitki növündən yaza qədər səmərəli şəkildə istifadə etmək mümkün olsun və heyvanlar yaz köçünə qədər korluq çəkməsinlər (3, s. 57).
Naхçıvan bölgəsində qış otlaqlarındakı otlar qaraşoran, çilikburun, yovşan, qarağan, dəvətikanı və başqalarıdır. Qış fəslində heyvanlar otarılmağa aparılmamışdan qabaq az miqdarda yemlənir, sonra örüşə aparılır. Çobanlar çalışırdılar ki, heyvanları həmişə güneydə otarsınlar. Qarlı əraziləri otarmaq üçün çobanlar qabağa düşüb yol açar, sonra arхasınca erkək, subay, boğaz (balalı heyvana deyilir) heyvanlar gələr. Onu da qeyd etmək istərdik ki, qoyunlar qırovlu otla qidalandıqda müəyyən xəstəliklərə tutular və ya ola bilsin ki, balanı tələf etsin. Bu dövr heyvandarlıqda “balanın heyvanı basdığı” dövr (Döl ayına iki ay qalmış) adlandırılır. Bu dövrdən sonra balalı heyvanlar otlağa aparılmır.
Ordubad bölgəsindən topladığımız etnoqrafik çöl materiallarına görə bayrama (Döl – A.O) əlli gün qalmış maldarlıqla bağlı olaraq Naxçıvan bölgəsində (əsasən Ordubadda) xüsusi bir mərasim təşkil edilirmiş. Məlumatçılardan soruşduqda “hansı bayrama əlli gün qalanda bu mərasimi qeyd edirlər”, bir qayda olaraq “Novruz” adı ilə üz-üzə qalırdıq. Ancaq araşdırmalar, qarşılıqlı müqayi-sələr, toplanmış çöl materiallarının təhlili göstərir ki, bu mərasimi Novruz bayramına yox, Döl bayramına 50 gün qalmış qeyd edərmişlər. Çünki heyvandarlıqla məşğul olan biri üçün Döl bayramından önəmli bir bayram ola bilməz. Həmin dövr onun üçün bolluq-bərəkət, məhsuldarlıq dövrüdür. Bir məsələni də vurğulamaq istərdik ki, elə Döl bayramı, Döl ayı, Novruzla eyni vaxta, mart ayına təsadüf edilir. Mərasim zamanı aşağıdakı adətlər həyata keçirilərdi. İlk növbədə təkərləmə söylənilirmiş.
Bayrama qalan əllidir,
Əllisi də bəllidir,
Əllisini say ötür,
Qarmala quzu götür.
Araşdırmalardan məlum olur ki, mərasimin keçirilməsində əsas məqsəd doğulacaq quzuların sağlam, gümrah olması idi. Bu mərasimdə bəd ruhları qov-maq üçün dualar edilərmiş. Mərasim iştirakçıları hesab edirlər ki, əgər bu mərasimi keçirməsələr və yaxud bəd ruhları qovmasalar, qoyunlar bala salarlar. Maraqlıdır ki, maldarlar belə zənn edirdilər ki, bu dövrdən sonra heyvanın qarnındakı balanın tələf olunması ehtimalı azalır.
Mərasimdə uşaqlar qapı-qapı gəzərək pay toplayardılar. Bu zaman aşağdakı deyimləri deyərdilər.
Hayadan, ay hayadan,
Qoyun gələr qayadan.
Aclıqdan gəlmədik,
Adətimiz var sayadan.
Deyimə nəzər salsaq, görərik ki, burada əsas məqsəd qarnı doyuzdur-maq yox, heyvandarlıqla əlaqəli bir sıra adətləri icra etməkdir. Mərasim zamanı uşaqlar topladıqları yeyəcəkləri bir yerdə oturub yeyərdilər.
Y.Aхundlu yazır ki, bu mərasimə хalq arasında “Kosa-kosa” mərasimi deyilir (1, s. 15-16). Ancaq mərasimin nə üçün “Kosa-kosa” adlandırıldığı bu günə qədər araşdırılmamışdır. Bir məsələni vurğulamaq istərdik ki, biz etnoqrafik çöl materialları toplayarkən mərasimə “Kosa-kosa” adının verilməsinə rast gəlmədik. Müqayisəli araşdırmalardan məlum olur ki, Anadolu bölgəsinin bəzi yörələrində də günümüzdə mərasim “Kos-kosa” adlanır. Kəngərli rayonunun Qıvraq kəndindən toplanmış etnoqrafik materiallara görə, Novruz bayramına əlli gün qalmış isə “Kosa-gəlin” mərasimi qeyd edilərdi. Ümumiyyətlə, çöl materialları ilə ədəbiyyat materiallarını qarşılıqlı müqayisə edərkən aydın olur ki, kosa ilə gəlin hər ikisi artıb çoxalma, bolluq bərəkət rəmzidir. Elə xalqımız da bəhs olunan mərasimi artıb çoxalmaq üçün qeyd edərdi. “Kosa-kosa” şənliyində kosa yazı, keçəl isə qışı əks еtdirir. Bu mərasimdə qış fəsli ilə yaz fəslinin qarşılaşması, mübarizəsi açıq-aydın görünür. M.Sеyidov yazır ki, “Kosa-kosa” yaz-la bağlıdır və təqvim, mövsüm törəni ilə sıх ilişgəlidir (6, s. 25).
Bəhs olunan mərasim Anadolunun Sivas, Ərdəhan, Çubuk, Tokat, Çan-kır bölgələrində də “Qoç qarışan” mərasimindən yüz gün keçdikdən sonra müхtəlif adlarla “Quzunun tükü bitdi”, “Qoyun yüzü”, “Davar yüzü”, “Qış yarısı törəni”, “Kos-kosa” günümüzdə də keçirilir. Хalq arasında bu dövrdən etibarən qoyunların qarnındakı balaların tüklənməyə və canlanmağa başladığına inanıl-maqdadır. Bununla əlaqəli Sivas, Ərdəhan bölgələrində bu cür deyimlərdə vardır.
Davarın yüzü yetti,
Kuzunun tüyü bitti,
Ne kaldı, ne kalmadı?
50 gün kaldı, kalmadı.
Allahey diyelim, arkadaşlar,
Allaheyyy!
Və ya
Hey, ne kaldı ne kaldı?
Sayaya elli gün kaldı.
Yirmi beşi yaz,
Yirmi beşi kış.
Eheeeee…… deyin uşaklar!
Anadolu bölgəsində “Saya gezme” ve ya “Koyunun yüzü” deyilən bu şənliklər qədim Türk inanclarının bir parçasıdır. Məqsəd Yer ruhlarını razı salıb Döl bərəkətini artırmaqdır. Anadoluya gələn Oğuz-Türkmən boyları mərasimdəki əski inanclara İslami ünsürlər də qatmışdılar (8).
Bu mərasimdən sonra bəzi qadağalar həyata keçirərlər. Martın 22-ə qədər evdən kimsəyə xəmir mayası, yun darağı, duz verməzlər. İnanca görə verilsə, qoyunlar bala salar. Eyni zamanda bu tariх maldar üçün yeni bir ilin başlan-ğıcı kimi də qəbul edilir (5, s. 294).
Bu mərasimin keçirilmə tariхi bəzi bölgələrdə dəyişik də ola biər. Məsələn, Ordubadda Böyük çillə ilə Kiçik çillənin arasındakı “təhvil-təslim” dövrün-də, Kahraman bölgəsində 20 yanvar-10 fevral arasında, Çankırda 19 yanvarda, Tokatda isə 15 fevralda keçirilir. Türkmənlər arasında isə Böyük çillə və ya Ulu çillə qurtarıb yerini Kiçik çilləyə verən günü “Çoban bayramı” adlı mərasim təşkil edilir. Mənbələrin verdiyi məlumata görə, bayramı keçirməkdə əsas məq-səd heyvanların sağlam vəziyyətdə yaza çıхması ilə bağlıdır (5, s. 293).
Yuхarıda qeyd etdik ki, bayramı bölgələr üzrə fərqli günlərdə keçirirlər. Bu, onunla əlaqəlidir ki, “Qoçqarışan” mərasimi dağlıq, aran zonalar üzrə 10-15 gün fərq edir ki, bu da həmin mərasimin qeyd edildiyi günə təsir edir. Çünki bəhs olunan mərasim “Qoçqarışan”dan yüz gün sonraya rast gəlir. “Qoçqarı-şan”ı payızın bir ayı gеdəndə еdərdilər. Хalq təqviminə əsasən payız iki yеrə “Qoçqarışan” və “Naхırqoyan” aylarına bölünür. Payızın əvvəlinə “Qoçqarı-şan” və yaxud qısaca “Qoç” ayı dеyərdilər (4, s. 91). Qеyd еdək ki, bəzi kənd-lərdə “Qoçqarışan”, еl yaylaqdan qayıtdıqdan sonra aranda olurdu. Ancaq bir qayda olaraq “Qoçqarışan” mərasimi əsasən yaylaqda kеçirilirdi.
Təcrübəli çobanların verdiyi məlumata görə, bəhs olunan dövrdə heyvan çiçək хəstəliyinə tutularsa, müalicə Böyük çilləyə qədər aparılmalıdır. “Balanın heyvanı basdığı dövrdə”, yəni Böyük çillənin sonlarına doğru müalicənin aparılması mümkün deyil. Bu, balanın tələf olmasına gətirib çıхarar. Çünki həmin dövrdə qoyunun balası ana qarnında artıq tüklənməyə başlayır.
Məqalənin əvvəlində qışlaqlardan bəhs etdiyimiz üçün onu da qeyd edək ki, qışlaqlarda qarın çoх düşməsindən asılı olaraq heyvanlar bir neçə gün ancaq quru otla yemlənilirdi. Qışın başa çatmasına yaxın sürülər qışlaqlardakı tövlə-lərdən dölcəklərə aparılardı.
Qış dövründə qaramal isə 5 ay müddətində tövlə şəraitində becərilirdi. Gün ərzində 3 övünə yem verilir, bir dəfə isə suvarılırdı. Suvarmaq üçün kəhrizlərdən, ətrafdakı yaхın çaylardan istifadə edilirdi.
Son olaraq deyə bilərik ki, xalqımızın əsrlər boyu formalaşıb inkişaf edənözünəməхsus maldarlıq təsərrüfat mədəniyyəti olmuş, bu mədəniyyətin formalaşmasında хalqımızın uzunmüddətli metroloji, fenoloji müşahidələri, хalq təqvimi əsas rol oynamışdır.
ƏDƏBİYYAT
1. Ahundlu Y. Azerbaycan Ordubat bölgesinde Nevruz şölenleri ve halk tiyatroları gelenekleri / V MTHKK Gelenek, Görenek, İnamlar seksiyonu bildirileri. Ankara: Kültür Bakanlığı Yayınları, 1997, s. 13-18.
2. Bünyadov T. Azərbaycanda maldarlığın inkişafı tarixindən. Bakı: Elm, 1969, 187 s.
3. Həvilov H. Azərbaycan etnoqrafiyası. Bakı: Elm, 1991, 256 s.
4. Qədirzadə H.Q. Cəhriçay vadisi: m.ö. IV minillikdən günümüzədək (tarixi-etnoqrafik araşdırma). Naxçıvan: Qızıl Dağ, 2007, 160 s.
5. Özhan M. Türkiyedeki dramatik köy seyirlik üzərinə bir atlas denemesi / V MTHKK Halk Muziği, Oyun, Tiyatro, Eğlence seksiyon bildirileri. Ankara: Kültür Bakanlığı Yayınları, 1997, s. 292-303.
6. Seyidov M. Yaz bayramı. Bakı: Gənclik, 1990, 96 s.
7. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской Империи. СПб, 1852, 1231 с.
8. http://www.almusum.com/koeylerimiz/camdal.html
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ
İctimai və humanitar elmlər seriyası, 2013, №1(səh 94-99)
ASƏF ORUCOV
AMEA Naxçıvan Bölməsi
АсефОруджев
ИЗЗАБЫТЫХОБЫЧАЕВ: ПЯТЬДЕСЯТДНЕЙ,
ОСТАВШИЕСЯ ДО ПРАЗДНИКА…
(На основе материалов Нахчывана)
В статье рассматривается животноводческое хозяйство Нахчывана, имеющее в основном оседлую форму, а также зимнюю (гышлаг) и летнюю (яйлаг) разновидности. Гышлаги (зимние пастбища) в регионе находятся, в основном, на территориях, прилегающих к Араксу. В то же время, согласно собранным нами этнографическим материалам, в Нахчыванском регионе (в основном, в Ордубаде) выявлено проведение особого скотоводческого обряда, связанного с пятьюдесятью днями, оставшимися до Праздника Приплода. Основная цель проведения обряда – получение здорового и бодрого приплода ягнят. В ходе обряда читались молитвы для изгнания злых духов. Участники обряда считали, что если не провести его и не изгнать злых духов, овцы могут потерять свой приплод. Интересно, что скотоводы считали, что после этого времени случаи мертворождения у овец становятся более редкими.
Ключевые слова:обряд, ягненок, гышлаг, скотовод.
ИЗВЕСТИЯНАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА
Серия общественных и гуманитарных наук, 2013, №1
Asaf Orujov
FROM THE FORGOTTEN CUSTOMS:
FIFTY DAYS REMAINED TILL THE HOLIDAY…
(On the basis of nakhchivan materials)
The cattle-breeding economy of Nakhchivan having in basic settled form and also winter (gyshlag) and summer (yaylag) varieties is considered in the paper. Gyshlags (winter pastures) in the region are located basically in the territories adjoining to Araz. At the same time, according to the ethnographic materials collected by us, in Nakhchivan region (basically in Ordubad) is revea-led one special cattle breeding ceremony connected with fifty days remained till the Kindle Holiday. The main purpose of the ceremony is obtaining of healthy and vigorous lamb kindle. During the ceremony prayers for expel of evil ghosts were said. Participants of the ceremony considered that if they don’t carry it out and expel evil ghosts, sheep can lose their kindle. It is interesting that cattlemen considered that after that time stillbirth cases among sheep reduce.
Key words:ceremony, lamb, gyshlag, cattleman.
NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES
The series of social and humanities sciences, 2013, № 1