Uşaqlara –Muxtar Qasımzadədən
Bu günlərdə www.aqra.az övraqının yaradılmasının bir ili tamam olur. Bu münasibətlə gələcək nəsli də yaddan çıxarmayaraq Muxtar Əziz oğlu Qasımzadənin yaradıcılığından “Nuhçıxandan gəlirəm” adlı kitabından (səh 152-163, Əcəmi NPB, 2013, Naxçıvan) uşaqlara aid bölümünün balalarımızın və gənclərimizin diqqətinə çatdırmaq qərarına gəldik.
“AqRa” EİDİB
GÜNƏBAXANLAR
Вахın, baxın tabağa
İçinə tum əkiblər.
Günəbaxan tabağa
Sarı çəpər çəkiblər.
Ancaq dəcəl sərçələr
Çəpər-filan bilməyir.
Söküb-tökür tumları,
Gör necə də dənləyir.
Bir balaca daş atdım,
Qanad açdı sərçələr.
Daşı lap yavaş atdım
Yaman qaçdı sərçələr.
Sanki günəbaxanlar
Azadlığa çıxdılar.
Gülümsəyib hamısı,
Dönüb mənə baxdılar.
ŞƏRİKLİ YORĞAN
Güllü yorğanı
Dəcəl Laləyə,
Salıb nənəsi,
Verib hədiyyə.
Hər gün həvəslə
Açır eyvana
Pişik Lalədən
Qabağa düşüb
Çıxır yorğana.
Baxıb nənəyə
Gülür qızcığaz.
Deyir: ay nənə,
Belə şey olmaz.
Verdiyin paya
Olubdu şərik.
Yorğanın üstən
Durmayır pişik.
Kimindir axı
Bu yorğan indi.
Мənə vermisən,
Ya pişiyindi?!
YER ŞARIMIZ
Yer kürəsi, deyirlər
Yumru şardı, ay ata.
Onda onun şar kimi
İçi vardı, ay ata.
Uşaqlara demişəm
Atılıb düşməsinlər.
Qazma ilə, bel ilə
Üstünü deşməsinlər.
Sən də əmilərə de
Top, tüfəng atmasınlar.
Üstündə tanklar sürüb,
Bomba partlatmasınlar.
Qorxar, küsər şarımız,
Partlayar Yer şarımız.
GÜNƏŞ ÇƏKƏ BİLMİRƏM
Mən Günəşi sevirəm
Hər yanı nurlandırır.
Odlu baxışlarıyla
Dünyanı nurlandırır.
Çoxlu şəkil çəkmişəm,
Тəkcə Günəş qalıbdı.
Mənim qızıl Günəşim
Məni işə salıbdı.
Fırçam, rəngim, kətanım
Xarab olub nə qədər.
Atam deyib yığışdır,
Anam deyib nə xəbər…
Açıb-bükə bilmirəm,
Danlayıram özümü.
Günəş çəkə bilmirəm,
Qamaşdırır gözümü.
QIRMIZI
Yamacların döşündə
Lalə bitib, qırmızı.
Cığırları, izləri
Tamam tutub qırmızı.
Lalə dərən qıza bax,
Lentaları aldır, al.
Lalə yanaqlarının
Ortasında qara xal.
Laləliyə kim salıb
Bapbalaca bu qızı.
Lalələrdən seçilmir,
Donu tamam qırmızı.
Birdən Lalə çağırdım,
Boylandı, güldü Lalə.
Qırmızı güllərilə
Yüyürüb gəldi Lalə.
UŞAQLAR VƏ GÜNƏŞ
Вахın, baxın ağappaq
Qardı, qardı təpədə.
Xizək ilə sürüşən
Uşaqlardı təpədə.
Əziz, Nərgiz, Ramazan,
Etibardı təpədə.
Ora baxın, Günəş də
Gəlib durdu təpədə.
Deyəsən sürüşməyə
Xoşu vardı təpədə.
PAXIL ARILAR
Babamın arıları
Yamanca paxıldılar.
Bağçamızda özləri
Gəzişirlər о ki var.
Ancaq bir gül dərməyə
Bizi qoymurlar ora.
Bütün günü çəpərdən
Yalvarsaq da onlara.
Çiçəkləri həvəslə
Uçub bir-bir sayırlar.
Nə özləri dərirlər,
Nə də bizi qoyurlar.
GƏMİLƏR YORULANDA
Dənizə bax, dənizə
Gəmilər üzə-üzə
Hara gedir üzündə?!
Onlar suda boğulmur
Nəyaxşı ki, üzəndə.
Dənizlərin axırı
Hara çatır görəsən?
Yorulanda gəmilər
Harda yatır görəsən…
A YORDU, YORDU, YORDU
Gəzməyə bağça-bağı
bölündük, yarı olduq.
Dəstəmiz aşdı dağı,
gah düzə sarı olduq.
Sərçəni aldı qırğı
səsi, havarı olduq.
Vurduq sındı ayağı,
“ətdən divarı” olduq.
Atımız quru qarğı
mindik, havalı olduq.
A yordu, yordu, yordu,
Görək kim kimi yordu.
Su daşdı bəndi yardı,
vəryanı yıxdı, qaçdı.
Suçu zalım Qafardı,
uşaqlar qorxdu,qaçdı.
Bənövşə gül,lalə gül
dərdim, əlimdə qaldı.
Hörüyü sarı sünbül,
gözüm yolunda qaldı.
Ayağım yerimədi,
ölüm-zülümdə qaldı.
Yetirdi zalım Qafar,
əli qolumda qaldı.
A yordu, yordu, yordu,
Görək kim kimi yordu.
Qamçını tuta bildim,
qolumu darta bildim.
Yel olub dəstəmizin
yanına çata bildim.
Cinlənib çapar olduq,
Biz olduq, Qafar oldu,
yıxıldı, topal oldu…
Cığırı güllü bağla
qaçdıq, qaçdıq о ki var.
Uşaq həvəsimizlə,
uçduq, uçduq о ki var.
A yordu, yordu, yordu,
Görək kim kimi yordu.
Yüyürüb evə döndük,
acından devə döndük,
lavaşı alazlayıb,
bozbaşı toparladıq.
Pişiyi tolazlayıb,
Yorğanı qamarladıq.
Yorulub əldən düşən
ayaq-ayağa yatdı.
Göydən üç alma düşdü,
oyaq oyağa atdı.
Nağılımız deyəsən
axır, axıra çatdı.
A yordu, yordu, yordu,
Görək kim kimi yordu.
BƏLƏDÇİ OLACAĞAM
Səfərə çıxmışıq biz
Atamla bir həflədir.
Vaqon bələdçisidir,
Atam yaman kefdədir.
Əlində bayrağı var,
Başmda da papağı.
Düyməsini basanda,
Alışır əl çırağı.
Нər işdə sayıq olur,
Mehribandır, xoşrəftar.
Gecələr oyaq olur,
Sərnişinlər yatalar.
Qocalara yer salır,
Uşaqları dindirir.
Hərdən bəzi işlərə
O, məni də göndərir.
Böyüyəndə papaq da,
Bayraq da alacağam.
Mən də öz atam kimi
Bələdçi olacağam.
TAHİRİN SUALI
Ata, soyuq düşəndə
Ay heç paltar geyməyir.
Göydə istidir yeri,
Yoxsa Ay üşüməyir?!
KOMBAYINÇI ƏMİ
Zəmiyə bax, zəmiyə,
İçində lalə bitib
Yol tapmıram dərməyə.
Səsim çatmır deməyə,
Kombayınçı əmiyə,
Qorxuram ki, görməyə…
MAHİRİN TƏLƏSİ
Mahir eyvana çıxıb
Gördü çoxlu qar yağıb.
Həyətdəki ağacın
Altını təmizlədi.
Bir ovuc dən gətirib
Oraya səpələdi.
Ələkdən tələ qurdu,
Tələyə sap bağlayıb,
Yüyürüb tində durdu.
Sərçələr tökülüşüb,
Dörd yanı dənlədilər.
Sonra qonub budağa
Civildəşib güldülər.
-”Cik-cik, bildik”, dedilər.
Daha dən istəmirik,
Biz tələyə girmirik…
Ələkdi, ha ələkdi,
Mahirin işi kələkdi…
GÜLŞADIN
DƏFTƏRİ
Gülşadın dəftərinə
Qardaşı ləkə saldı.
Gülşad dəftərə baxdı,
Gözünün yaşı axdı,
Ləkəni yekə saldı.
QARĞALAR,
QAĞAYILAR
Qonaq gəlmişdi Orxan
Bakıya ilk dəfəydi.
Dənizi görməmişdi,
Dəniz yaman yekəydi.
Dalğaların üstündə
Qağayılar ha çoxdu.
Orxan baxıb duruxdu.
Qağayı görməmişdi,
Elə bildi qarğadı.
Fikirləşdi, bəs niyə
Bu qarğalar dümağdı?
Qarğalar qara olur,
Ya da ki, ala olur.
Aha, tapdım, dedi о
Onlar niyə ağdılar.
Dənizdə çox çimiblər
Yəqin belə ağdılar.
SUYA GİRƏNDƏ
Suya girəndə
Atam danlayır.
Qolumdan çəkib,
Anam danlayır.
Ay səni, Şölə
İslandın уеnə.
Soyuq dəyəcək
Indicə sənə.
Çayda balıqlar
Çimir, hey çimir.
Mətəl qalmışam
Bəs niyə soyuq
Onlara dəymir?