Vaqif Məmmədov

Məmmədov Vaqif Cəfər oğlu 1948-ci il iyunun 28-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub.  Doğulduğu kənddə orta məktəb bitirib.  Naxçıvan şəhər pedaqoji məktəbini (1968) və Naxçıvan Dövlət Universitetinin tarix ixtisasını (1975) bitirəndən sonra uzun müddət Sədərək kənd məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. 20 yaşından kənd  məktəbində müəllimliyə başlayan Vaqif  Məmmədov həmin məktəbdə ibtidai siniflər  üzrə (1975-1978),  tədris işləri üzrə direktor müavini (1978-1982) və 1982-1995-ci  illərdə direktor vəzifəsində çalışmışdır.

Lap gənclik illərindən bədii yaradıcılıqla məşğul olan 1970-ci ildə ilk şeiri, 1987-ci ildə «Yaşadacaq bu yol məni» adlı ilk şeir kitabı çap olunan Vaqif  Məmmədov 35-ə  yaxın: şeir kitabının, elmi-bədii publisistik kitabın, monoq­rafiyanın və dərs vəsaitinin  müəllifidir.

  Azərbaycan Jurnalistlər Birliyinin (1992), Azərbaycan Yazıçılar Birliyinin (1995), İLESAM-ın (Türkiyə, 2005) və Avrasiya  Yazarlar Birliyinin  üzvü (2010),  tarix üzrə fəlsəfə doktoru (2001), Əməkdar mədəniyyət işçisi (2005),  “Qızıl qələm” (2012) və “Həsənbəy Zərdabi” (2013) mükafatı laureatıdır.  Azərbaycan Respublikasının «Qabaqcıl təhsil işçisi» döş nişanı ilə təltif olunmuşdur (2007).  1990-1993 –cü illərdə Sədərəyə erməni  hücumu  zamanı doğulduğu torpağın  müdafiəsində yaxından  iştirak etmişdir, müharibə veteranıdır.

    1995-2000-ci illərdə  Naxçıvan MR Ali Məclisinin deputatı olmuşdur.

   Vaqif Məmmədovun şeirləri Türkiyə, İran, İraq, Özbəkistan, Rusiya, Ukrayna, Belorus, Yunanıstan, Almaniya, Bolqarıstan, Pakistan və ABŞ-da çap olunub.

   O, Özbəkistanda keçirilən “Daşkənd təranəsi” beynəlxalq poeziya müsabiqəsinin qalibi olmuş (1983), YUNESKO  xətti ilə Bağdadda keçirilən Füzuli günlərində (1994),  Uluslararası Dədə-Qorqud Kültür-sənət şölənində (Bayburt, 2001),  “Erməni iddiaları və Azərbaycan gerçəyi” (Ankara, 2005),  “Türk dünyası ilişkilərində yeni bir addım: Naxçıvan ruhu” (Ankara, 2010),   “Azadlığın səsi: Bəxtiyar Vahabzadə”  (Ərdəhan, 2010)  beynəlxalq simpozium­larında, Tehranda, Təbrizdə və Makuda keçirilən Şəhriyar günlərində (2006-2010), Hollandiyada  keçirilən Xocalı soyqırımına aid (2007), Pakistanda keçirilən “Sufizm və sülh” (2010) beynəlxalq simpoziumlarında, Dünya şairlərinin ikinci konqresində (İran, 2011)   iştirak və çıxış etmiş, Dünya azərbaycanlılarının iki qurultayına nümayəndə seçilmişdir.

     Vaqif Məmmədov 1998-ci ildən Naxçıvan Dövlət  Universitetinin “Qeyrət” nəşriyyatının direktoru, eyni zamanda universitetin «Jurnalistika və dünya ədəbiyyatı» kafedrasının  dosenti və  universitetin  “Elmi əsərlər” jurnalının  məsul redaktoru  kimi fəaliyyət göstərir.  Vaqif  Məmmədov  universitetdə calışmaqla yanaşı 2000-20007-ci illərdə Sədədrək rayon İcra hakimiyyətinin   orqanı olan  “Oğuz yurdu” qəzetinin redaktoru vəzifəsini də icra etmişdir. 

Vaqif Məmmədov

KLASSİK POEZİYAMIZDA NUH VƏ NUH TUFANI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir