Xəzərin səssiz şahidi “Nargin”

Bayırda zərif və çiskin yağan yağış damlaları daxmamın xəzərə baxan pəncərəsini elə döyür ki, sanki illərdir yoxluğuyla varlığa çevrilən birindən xəbər gətirir. Qapı çırpıntısına səksənib oyanıram xəyallarımdan. Sənələrin arxasından gələn məhzun baxışlı, qəmli yolçunun çəkdiyi qəm karvanı elə qocaltmışdı ki onu, kölgəsini itirmiş günəş kimi öz şəfəqlərində buz kəsmişdi. Saçlarının bəyazından asılan bu qadının siması, nuru və zülməti xatırladırdı. Saçındakı barmaq yarasından ,üzündəki göz yarasından tanıdım və sınıq bir budaq kimi bağrıma basmaq istədim Dilbəri. Lakin mərhəmətsiz bir sükut qollarımı çiynimdən kəsib yanıma saldı. Susur Xəzər, Susur Nargin, Susur sükut! Sükutun dili yansın! Yandırır bizi köz kimi. Danışan sadəcə lal xatirələrdir. Köksündən bir şəkil çıxararaq mənə tərəf uzatdı. Ağ fondakı qara bəxtli şəklin üzərindəki rəqəmlərə sataşır gözüm…1109!!! Sükutun, qorxuya dayanan bu tərəddüdün daha zərərli olduğunu, irəli atılmayan hər addımın bizi geriyə götürdüyünü və yaxınlaşdırmayan anların mütləq uzaqlaşdırdığını qaranlıq  bir şəkildə sezir və içimdə səssizcə yanan, fəqət təlaşla böyüyən bir qayğının yer etməyə başladığını hiss edincə, qapının küncünə qısılan Dilbər məsumca pıçıldadı: Qaranlıqda qürub etdi qəlbimdəki ümid, intizar. Gözlərim qapıda asılı qaldı. Gedənlər bilir gedən qalandan necə getdi, bir gecənin içində “yoldaş” dan dönüb, “vətəndaş” olub getdi…Müşfiqim!!! Bəs mənim nakam məhəbbətimin, intizar gözlərimin, zülmət gündüzlərimin, açılmayan gecələrimin, ölən ümidlərimin müqəssiri kimdir?

Məhəbbəti yarım, səadəti sınıq, iztirabı üzündə, sözü dilində, qəmi saçında, hekayəsi gözündə yaşayan, dərdi ömrünün saralmış səhifələrində gizlənən Dilbərim… Elə baxırsan ki, sanki Müşfiqin Dilbərinin gözlərini də həbs edib həbsxanaya aparıb, bu gözlərin görünən tərəfindəki Müşfiq məhəbbətini soyundurub, yerinə dərd yüklü qara tül asıblar. Fəqət bu gözlərin görünməyən tərəfində isə bir Müşfiq yaşayır… Bəli yaşamaq, təbiətin ən məsum tərpənişlərini sezərək, həyatın sarsılmaz bir məntiq ilə axıb gedişini seyr edərək yaşamaq, hərkəsdən daha çox, daha mücadiləli yaşadığını, bir ana bir ömür qədər çox həyat doldurduğunu bilərək yaşamaq və xüsusilə bütün bunları danışacaq bir insanın var olduğunu düşünərək, onu gözləyərək yaşamaq!!!

Öz dibinə işıq salmayan şam kimi, göz yaşlarım da yanağımı yox qəlbimi isladır. Közü-közə caladığın, papirosunun xısı belə rəsminə çökmüş “yarım qalan” Müşfiqim!!! Rəsul rzaya “söz, bir daha çəkməyəcəm” dediyin halda sözünə xilaf çıxan Müşfiqim. Necə əhdə vəfa edə bilərdin ki? Gecə qaranlığa qərq olanları gündüz kim axtarar? Ümid bəzən “cəftəsinə əl dəyməyən qapı” kimi öz içində ölü tapılılr. Vəzifənin verdiyi səlahiyyətlərdən mənfəətləri üçün istifadə edən Xorenlər, Makaryanlar, Petrovlar kreslolarında qəlyanlarının tüstüsünü otağa buraxaraq “ölüm əmri verilmiş” yazılı vərəqə imza ataraq mənən öldüyü halda, zülmət zindanlarda “Cahan fikrimizlə süslənəcəkdir” deyən Müşfiqlər, “Mənim Tanrım gözəllikdir, sevgidir” səslənən Cavidlər, “Allahdan gəldik, ona da qayıdacağıq” deyən Seyid Hüseynlər əbədi yaşadı bu millətin və torpağın bağrında. Dostların Kitablarını kitabxanalarının məhrəm kölgəsində qucaq açıb qoruyarkən, anaları Kərbala ətirli səccadələrində və gözlərindən ovucllarına tökülən dualarda gizlətdi səni. Bəzi dahilər dünyaya gözlərində ölüm gətirərək əbədi yaşam aparır. “Yel döyən oğlu Səba” səndə küləklərlə gəldiyin kimi dalğalara qarışıb ənginliklərdə elə hey “yaşam” pıçıldadın.

Bax elə indicə, elə bu an çırpınan xəzərin lallaşan qayalarında fəryad qoparan Narginindən yazıram. O Xəzər ki, odlu, alovlu, yandıqca yanan 29 illik ömür yolunu bir göz qırpımında söndürən, saçın kimi qıvrılan dalğalarında, xəyallarını öz ləpələrində rəssam təki oxşuyan, hər dalğası kişniyən bir bəyaz at kimi  ömründən ömür aldı. O Xəzər ki, Günlərcə yağmurla, fırtınayla, soyuqla can alar, sonra bu qədər əziyyət çəkdirdiyinə peşman olmuş kimi lal bir maviliyə bürünər, vəfasız bir sevgili kimi bizə həmişə xəyanət edər, bizsə onu günahsızcasına bağışlayaraq bağrımıza basar, sevməkdən doymarıq.

          Acımasız ucsuz-bucaqsız maviliklərə sürüklənən ölüm sisindən, arxasınca coşğun dənizi gətirərək sel olub dünyaya axan, fikri qanadlanıb uçmaq dilərkən, göy üzündən yerə yıxılan Müşfiqdən yazıram.  O Müşfiq ki,  ömrünün vərəqləri bir rəngdə qalmadı. O Müşfiq ki, dalğalar əndamını həvəslə qucaqlayarkən, qısqanclıqdan doğan hislər, cumub səni dalğaların əlindən almadı. Adı şövqlü, həvəsli mələk idi…nə etdilər o mələyə?! Qanadlarını qırıb, qəlbinimi sıxdılar?! Hər çiyinə qonaraq şeir fısıldayan Müşfiqimin səsinimi batırdılar?! Cismimizi oxşayan günəş şüaları bir nöqtədən keçdikdən sonra başqa bir nöqtədə toplanar və yandırmağa başlayarsa, dirayətini davamlı artıran Müşfiq sevgisi də bizi sararaq hər an tutuşdurar. İllər keçdikcə sən bizdən uzaqlaşır bizsə sənə daha da yaxınlaşırıq Müşfiqim. Ən böyük acıya belə üzündəki təbəssümü qoruyaraq təhəmmül edən Müşfiq xəyalı bizi illər keçsə də tərk etməyəcək. İllərin digər günlərdən nə fərqi var ki? Təbiət onu hər hansı bir şəkildə ayırıbmı? Ömürümüzdən bir bir il keçdiyini göstərməsi belə o qədər mühüm deyil çünki, ömrü illərə ayırmaq da uydurmadı…İnsan ömrü doğumdan ölümə qədər uzanan tək bir yoldan ibarətdir.

Dərdini ömrünün qaranlıq macərasında gizlədən, səsi hıçqırıq, nəfəsi buz kəsmiş, hər ahı bir duman olub, öz yolunu kəsən Müşfiqim! Həyat ondan küsənləri incidər, ömrünü kəsər. Yarım ömürlər ilə öz ömür yazısından bir çiçək belə dərə bilməyən Müşfiqim çəkdiyin papirosların xəfif dalğaları qocaltmış taleyini indi maviliklərdə boğur. Kirpiyimdən çıxan tikanlar səni necə də, tikanlar üstündə yuxuya aparıb?! Oyan daha bugün qabarıb xəzər, qalxıb tərlan ləpələr, qanadlarını açaraq bu tarixə acıyır…Oyan ki həyat qayğını alıb ölümdən, keçmişi vurub yıxaq, dalğalardan üzə sağlam çıxaq. Oyan ey Müşfiq! Ürkək baxışlarınla ruhumuzu dindir. Gilə-gilə saxladığımız göz yaşlarımızda sən oyanıb yuyunasan deyə gözünə çəkdiyimiz baxışlarımızda gizlətdik səni. Xoş bir dövranla darğın zamanın, xəzanla-baharın, qocayla-gəncin, qəmlə-sevincin, ölümlə-həyatın arasındakı körpü kimi, öz pəncərəsində ay kimi doğub, gün kimi batan, göylərin dodağından yağmur kimi tökülüb, sel kimi axan Müşfiqim. Hələ uşaqkən nənənin tikdiyi məktəbli heybəsi ilə şəhərin küçələrini dolaşarkən siyasi inqilabların ən məsum iştirakçısına çevrilmiş, sərsəri bir rüzgara dönərək əriyə-əriyə şeir qəlibinə tökülmüş, könlünün gözləri ilə Günəbaxanın Günəşə baxdığı kimi baxmışdın Xəzərə. İndi yarımçıq şeirinin dağınıq sətrləri arasına boylanarkən sındırılmış qələminin kağızda yeri qaldığına şahidlik edir “Xəzər”!!!

          Darğın zaman xoş dövranını xarabalığa, gülüstanını bustana, gəncliyini qocalığa, həyatını ölüm körpüsünə kükrədərək başlamadan bitən həyat qissənin izlərini Dilbərinin sən qoxan hisslərinə bürüyüb. Dünyaya çalğısız bir əyləncə kimi gəlib, tüstüsüz ocaq, yelkənsiz gəmi kimi Xəzərə qucaq açaraq ruhsuz cəsədinlə başlamadan bitən həyat qissən yaşıl ruhlu təzə yarpaq kimi mənə mehman olan Dilbərin baxışları ilə bunu deyir: Müşfiqim! Hərşeydin, hərşeysən, hərşey olmusan!!!

Naxçıvan Dövlət Universitet
Elmi Kitabxanasının direktoru:
Fariz Əhmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir