Xanəli Kərimli:”Payız Duyğuları”
Çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri, pedaqoq, tədqiqatçı Xanəli Kərimlinin bu kitabında poetik yaradıcılığından seçmələr toplanmışdır. Şairin əsərlərinin cövhəri olan vətəndaş yanğısı, Haqqa sədaqət, yurda bağlılıq, insana sevgi bu şeirlərdə aşkar görünür. Şübhə etmirik ki, toplu oxucular tərəfindən maraqla qarşılanacaq.
BU DA BİR NAĞILDI…
Ata, bir nağıl kitabı tap, oxuyaq
(Övlad istəyi)
Mən özüm canlı bir nağılam, bala,
Hələ oxunmayıb bir xəttim belə.
Oxunsam, görərlər qaya ömrümü
Necə əritmişəm mən gilə-gilə.
Od oldum, ocağım, külüm olmadı,
Yandım duyğularda, ürəklərdə mən.
Ağrısız, acısız günüm olmadı,
Alışdım ümid tək bəbəklərdə mən.
Çox olub dəndənə daşına dönüb
Qoymadım uçula bir komanı da.
Səhrada nişangah daşına dönüb
Həqiqət eylədim çox gümanı da.
Bəzən bir dilsizə dil olmuşam mən,
Dili söz tutanda kəsib dilimi.
Bəzən bir əlsizə əl olmuşam mən,
Əli əl tutanda kəsib əlimi.
Bir vaxt damarımdan qan verdiyim də
Məni div tanıtdı Məlikməmmədə.
Mən isə haqq deyib Haqqa sığındım,
Çünki inanmadım başqa qüvvətə.
Demirəm peyğəmbər övladıyam mən,
Mənim heç günahım, suçum olmayıb.
Yox, mən də insanam, adi bir insan,
Heç insan anadan pak doğulmayıb.
Mənim də qəlbimdə şeytan hissi var,
Allah eşqi ilə durub döş-döşə.
Ancaq bir şər işə sərpəndə əlim,
“Lənət kor şeytana” dedim həmişə…
(XANƏLIKƏRIMLI, PAYIZ DUYĞULARI /şe`rlər/
Bakı, Qanun Nəşriyyatı, 2013, 540 səh.