Yallı adlarında qədim dilimiz və tariximiz
Bütöv Azərbaycanımızın bir parçası olan qədim Naxçıvan torpağı, bəşər tarixi və mədəniyyətinə öz arxeoloji abidələri, qayaüstü rəsmləri, yazı nümunələri ilə qiymətli elmi yeniliklər verməklə yanaşı, musiqi mədəniyyətimizin özünəməxsus inciləri ilə də dunyanı heyrətləndirməkdədir.
Azərbaycan müsiqi və xoreoqrafiya sənətinin əvəzsiz incilərindən olub tarixi ilk tünc dövründən də qabağa gedən yallıların Naxçıvanda ümum Azərbaycan yallılarından fərqli ifadə forma və imkanları əski tariximizlə sıx bağlı olmuş, qayaüstü rəsmlərdə günümüzə qədər gəlib çatmışdır. Bu ecazkar müsiqi və xoreoqrafiya sənətinin adı da qaynaqlarda maraqlı mə`naya malik olmaqla qədim türk dilində Yallı/Yalı/yalın yazılışlarında “atəş”, “alov” mə`nalarında işlənmiş (1, s. 229) qədim inancımızla bağlı olmuşdur.
Xüsusi qeyd etmək istərdik ki, tarzən – pedaqoq Əkrəm Məmməd oğlu Məmmədlinin 14 Azərbaycan muğamını notlaşdırıb dərs vəsaiti kimi nəşr etdirməsi, musiqi sənətimizin ən uğurlu nəticələrindən biri idi (ətraflı bax, 3). Qədim qam – şamanlardan günümüzə gəlib çatmış bu sənət əsərlərinə bu gün digər millətlər sahib çıxmaq istəsələr də, ustad tarzənin muğamları notlaşdırması bu qədim sənət əsərlərinin dünya ictimaiyyətinə inteqrasiyasına yol açır və Azərbaycan xalqına məxsusluğunu bir daha sübut edir. Ömrünün müdrüklük çağında bu istiqamətdə öz işini davam etdirən görkəmli tarzənimiz, oğlu gənc musiqişünas Kənan Məmmədli ilə birgə zəhmətinin məhsulu olan “Naxçıvan – Şərur El yallıları” kitabı isə, ümumtürk dünyasında bu musiqi yanrının Azərbaycan xalqına mənsub olduğunun bir uca kimliyi (pasportu) yerindədir..
Qeyd edək ki, yallı adlarının daşıdığı mə`nada dil, tarixi və mifoloji baxımdan xüsusi əhəmiyyətə malikdir. Adlara diqqət edərkən rast gəldiyimiz protoazərbaycanlılara məxsus tayfa adları ilə yanaşı qədim sözlərimiz, eləcə də əski mifik inancımız Naxçıvanın bəşər sivilizasiyasının ilk beşiklərindən olduğunu bir daha sübut edir. Bu həm də qədim mifdən sonralar isə şaman ayinlərindən öz mənbəyini götürən yallıların ilk beşiklərindən birinin də məhz Naxçıvan olduğuna tarixi sübutdur.
Müəlliflərin toplayıb notlaşdırdığı 92 yallıdan Nazilə, Xəlili, Mərcanlar, Mərcanı, Qəmbər yamanı, Bəndi, Bəndil, Gülşanə, Kərimbəy, Leylahanı, Baharı, Nuran, Salamı kimi bir qrupu insan adları ilə (antroponimlərlə) adlanmışdır. Heç şübhəsiz ki, bu amil qədim yallılara əlavə rəqs hərəkətləri və yenilik gətirən milli mə`nəvi dəyərlərimizin təəssübkeşləri olmuş şəxslərin adı ilə bağlıdır. Burada Qəmbər adındakı “yamanı” sözü təbii ki, “yaxşı” mə`nasındadır və biz hazırda da “yaman oynadı, yaman oxudu, yaman çaldı” və s. ifadələrdə bu sözü “yaxşı” mə`nasında işlədirik.
Yallı adlarının bir qismində isə rəqs hərəkətinin icra formaları və ifa tərzi öz əksini tapır. Bura Çökəli, Narıncı, İkiayağı, Dönə, Üçayağı, Asta Qarabağı, Qazı-qazı, Qazayağı, Dikdabanı, Sər-səri, Xanı-xanı, Nanay, kimi yallılar aiddir. Təbii ki, Naxçıvan ərazisindəki El, Qarakilsə, Hərilli, Göyçəməni, Hoynəri (fikrimizcə bu Xoy – Xok nəri, igidi yallı adıdır), Dağı, Dalan, Dağ gülü kimi yallı rəqsləri isə yarandığı ərazi, kənd və elin adını daşıyır.
Naxçıvan yallı adlarının maraqlı cəhətlərindən biri də onların ifasında rəqs edənlərə müraciətlər, xitablardır. Ola bilsin ki, Söylə, Köçginən gəl, Ay xanım, Aman gəl, Aman Lelo kimi yallı adlarında müəyyən rəqs hərəkətinin icrasına hər hansı bir xəbərdarlıq nəzərdə tutulmuşdur. Bu adlardan bir qismi eyni zamanda geyimə – Tirməşal, hər hansı bir ictimai prosesə – Köçəri, eləcə də rəqsin xarakterinə uyğun –Nanay, Cərgəbaz kimi adlarla yallı adına çevrilmişdir. Bütün bunlar milli rəqslərimizin son minilliklər inkişafı ilə bağlı adlar olmaqla asanlıqla anlaşılır. Lakin bu yallıların dairəvi ifa tərzi, rəqs hərəkətləri icrasında əyilib qalxmalar, müxtəlif qeyri – adi ifalar və rəqs zamanı müəyyən həmahəng səslərin nə ilə bağlı olduğu və nə mə`na daşıdığı günümüzədək aydınlaşdırılmamışdır.
Biz qədim qaynaqlara baxdıqda bu yallı adlarından bir qisminin mə`naca milladdan öncəki minilliklərin tayfa adı və inancları ilə bağlı adlar olduğunu görürük və adlar müasir dilimizdə anlaşılmır. Yallıda əsasən dairəvi rəqs amilinin qədim mifik inancımızla bağlı olduğu da qədim qaynaqlar hesabına anlaşılır. Bu adların tarixi qaynaqlar və qədim türk dili sözlükləri ilə etimoloji izahları milli musiqimizin, eləcə də yallı rəqslərimizin hələ neçə minilliklər əvvəl yarandığını ortaya çıxarır. Bu isə milli mədəniyyətimizin qədimliyinin sübutu ilə yanaşı, bu rəqslərin Gəmi – qaya, Qobustan, Təbriz, Nüvədi, Mingəçevir və s. ərazilərin qayaüstü rəsmlərində e.ə. minilliklərə aidliyi yallı janrı mədəniyyətinin məhz Azərbaycan xalqına məxsus olduğunu da təsdiq edir (7, s. 113-122). Rəqslərin dairəvi ifa amilinə gəldikdə isə qədim qaynaqlara diqqət etdikdə bu rəqsin qədim azərbaycanlıların Günəş və Ay inancı ilə bağlı olduğu ortaya çıxır. Yallı rəqsində hərəkətlərin dairəvi tamamı günəşə və Aya işarədir. Hələ e.ə. minilliklərdə Şar – “Günəş” və “Ay” tanrısı qədim xalqımızın inancında xüsusi yer almış onlara aid inam şamanlarımızın ayinlərində yallı rəqslərinə uyğun icra olunmuşdur (6, II c., s. 88 ). Təbii ki, yallı rəqslərimiz də bu tarixi inancımızın izləri olmaqla buradan qaynaqlanıb minilləri ötərək günümüzə qədər gəlmişdir.
Şərili, Şərili köçərisi, Sərsəvan, Sareyi, Şirhan kimi yallı adları həm qədim türk mifi Şar – “Günəş tanrısı” adından, həm də Tanrı adını daşıyan Şir (Şirak – “Uca Şir”) tayfa adlarından öz adlarını götürmüşlər (6, II c., s. 88 ). Adlara qoşulan il – “yurd”, kan – “məkan”, “mənbə”, sav – “insan dolu dünya”, eyi/öyi – “yaradan , cənab, 4 cahanın sahibi” (1, 289, 492) kimi qədim Azərbaycan sözləri adları Şərili – “Şar tanrısının yurdu”, Sərsəvan – “Şar tanrısını insan dolu dünyası”, Sareyi – “4 cahanın sahibi Şar tanrısı” Şirhan –“Şar məkanı”, mə`nalarında uzaq tariximizə bağlayır. Bu yallılar Günəş tanrı adına dairəvi icra olunan ayin olub qədim inanc və mədəniyyətimizin rəqs hərəkətləri ilə ifa üsuludur. Bütün bu qədimliyin, babalarımızın mirasının bir yerə yığılıb sistemləşdirilməsi və notlaşdırılması isə, Əkrəm və Kənan Məmmədlilər tərəfindən musiqi tariximizin keçmişinə olan vətəndaş məhəbətinin və sənətkar qeyrətinin təcəssümüdür.
Yallı adlarımızdan Noraşan – “Onuncu As ərlər”, Türkan, Tello, Desoy/Tusay, Qaleyi, Çaleyi, Əfsəri, Gilani, Hazıravicin – “Şanlı Xəzərevi”,Ağrı gülü, Osmanlı, Qızılbaş kimi adlar da tarixi baxımdan xüsusu əhəmiyyət daşıyır. Bu adlar qədim Azərbaycan və onun qədim ayrılmaz yurdlarından olan Naxçıvan əhalisinin 4 – 5 min il bundan öncəki ulu babalarından olan As, Türk, Tal, Tus, Ağri-Oğuz, Xəzər, Gel, Kol, Çul, Əfşar, Səfəvi, Osmanlı, Qızılbaş kimi tayfa adlarının adını özündə qorumaqdadır (2, s.29; 4, s.104; 8, s.129, 354, 418). Bununla bərabər Desoy/Tusay yallı adı qədim Ay inancımızdan da xəbər verir. Yallı adlarından tayfa adlarına qoşulan eyi/eya/iya – “yaradan, 4 cahanın sahibi”, kan – “xaqan”, bəzən də “məkan”, av-“ev”, can/san – “şan-şöhrət” kimi qədim sözlər də adların əski minilliklərdən gəlməklə qədim türklərdə Tanrıya aid işarənin daşıyıcılarıdır (1, s.167, 205). Qədim əsatirlərə görə Ay tanrısı azərbaycanılıların inancında ayrıca yer almış, Asay, Doray, Talay, Matay kimi onlarla tayfa adlarımızda bu izlər qalmışdır (8, s.442). Bundan başqa Ay hunlarda Tanrı adı olmuş, Günəşlə birgə Meteni hakim təyin etmişdir (9,s. 118). Bunlar nəzərə alınmaqla Tusay – “Ay tanrısı Tuslarının yallısı”, Qaleyi – “Yaradanın Kol tayfa yallısı”, Çaleyi – “Yaradanın Çul tayfa yallısı” və Güneyi – “4 cahanın sahibinə məxsus Gun” yallısı, Kafeyi – “4 cahanın sahibinə məxsus Yurd”, Gilan – “Gillərə məxsus”, Şahsevən (Şahsevəri) yallı adları bu mə`naları ilə qədim mifik kökümüzlə bağlı adlardır. Bundan sonra tayfa adı və bir qrup Sələni – “Döyüşçü yallısı”, Papil/Babil– “Başçı yurdunun yallısı” (1, s.76, 482), Səfəvi adlarının sonundakı i “izafət” sonluğu adlara ərəb işğalından sonra artırılan şəkilçidir (yenə orada, 289, 492). Bu tayfa adlarından yaranan yallılar ümumxalq arasından çıxan qədim türk- Azərbaycan mifik inancını özündə saxlayan ayin rəqsləri olmasını bir daha sübut edir. Eyni hal Tənzərə – “Dan işığı, ziyası” mə`nasındakı Günəş tanrısına işarə olan bu yallı adında da təkrarlanır. Bu yallı eyni adda Türkiyənin Artvin, Şavşad bölgələrində rəqs zamanı səcdə xarakterli hərəkətlərlə qeydə alınır. Bu da yallının Tanrı adına icra olunan qədim ayin, rəqs növü olduğunu göstərir və şübhəsiz, ifa tərzi Naxçıvan mədəni mühitindən ümumtürk ərazilərinə adlamışdır. Eyni qədimlik İrəvani, Urfanı yallı adlarında təkrarlanır. Bu adlardakı insanı yaradan türk tanrısı Anu adı və qədim türk sözləri ur -“məskən, yurd”, ban – “uca” (1, s. 81; 5, I ç. s. 164”) sözləri adları “Uca Anu yurdu”,“Uca yurd” yallsı mə`nalarını da izah edir.
Əkrəm və Kənan Məmmədlilər tərəfindən tarixi keçmişdən günümüzə gələn, milli mədəniyyətimizin bir parçası olan yallılarımızın toplanıb notlaşdırılması və kitab şəklində əbədiləşdirilməsi ağır və məsuliyyətli zəhmətin nəticəsidir.
Firudin Rzayev
Filologiya üzrə fəlsəfə doktoru,
dosent.
Mənbələr
1. Дрвнетюркский словрь. Ленинград: Наука.1969, 676 с.
2. Cəfərоv C.İ.Milli etnik yaddaşın izi ilə. Bakı: Səda, 2005, 171 s.
3. MəmmədliƏ.M. Azərbaycan muğamları. Bakı: —- 2012, 328 s.
4. Qeybullayev Q.A. Qədim türklər və Ermənistan. Bakı: Azərnəşr, 1992, 138 s.
5. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. I c., Ankara: Basımevi, 1985, 530 s.
6. Мифы народов мира. Энциклопедия. Т. II, Москва: Советская энциклопедия.1988, 719 с.7. 7. Rzayev F.H. Gəmiqaya təsvirlərinin və toponimlərinin ümumtürk çağırışı // AMEA NB Xəbərlər, Naxçıvan: Tusi, 2005, №1, s. 113-122.
8. Rzayev F.H.Naxçıvan əhalisinin etnogenezi tarixindən.I c. Bakı:ADPU-nun mətbəəsi, 2013, 529 c.
9. Seyidov M.M. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı: Yazıçı, 1989, 496 s.