Yaranış–xilas

   Tarix – keçmişin güzgüsü, gələcəyin istinad və istiqamət nöqtəsidir. Bunu belə ifadə etsək yəqin ki, yanılmarıq.
İnsan şüuru inkişaf etdikcə onun tarixə marağı, keçmişi öyrənmək həvəsi, daha da artıqdır. Əlbəttə ki, bu da səbəbsiz deyil, axı insan həmişə necə yarandığı ilə ciddi cəhdlə maraqlanıb.

Milyon illərdir düşünürük biz insanlar necə və hansı şəraitdə dünyaya gəlmişik? Sualın cavabı “Darvin nəzəriyyəsi” iflasa uğradıqdan sonra öz əhəmiyyətini bir az da artırıb.

İnsanın yaranma ehtimalları yüzlərcədir. Lakin bu yöndə ən çox istinad edilən nəzəriyyə, fikir, ehtimal təbii ki, dini yanaşmadır. “Adəmin cənnətdən qovulması” və ikinci yaranış “Nuhun məcburi gəmi səyahəti…” bununla yanaşı daha neçə-neçə  ehtimallar-nəzəriyyələr.

 Bəs əsil həqiqətdə insanın yaranması necə və harada baş verib? Doğurdanmı insanların yaranış yeri və kökü bir məkandan qaynaqlanır? Yəni insan yaranışı ilə bağlı irəli sürülən, ən çox ehtimal edilən yanaşma doğrudurmu? Yoxsa bu həqiqəti digər yüzlərcə nəzəriyyədən birində axtarmaq lazım gələcək? Bəlkə bizi narahat edən bu sualın cavabının yenə də tarixdə, torpağın dərin qatında, səthində və ya sıldırımlı qayaların zirvəsində, ola bilsin okeanların dərinliyində axtarmalı olacağıq?

Bütün ehtimallara nəzər saldıqda görəcəyik ki, sonunculara istinad etmək daha məntiqlidir. Əsl həqiqət tarixin özündə gizlənir. Ancaq belə bir dərin məntiqli, olduqca düşündürücü, bir o qədər də müşkül məsələni həll etmək üçün bizə daha tutarlı və inandırıcı faktlar lazımdır. Bu yerdə şüuraltı yanaşmaları nəzərdən kənarda saxlamaq olmaz, əksinə bu amil bizim köməyimizə çata biləcək ən etibarlı faktdır və bu ehtimala inam olduqca böyükdür. Biz də məhz bu yanaşma üzərində durub ilk insanların necə və harada yaranmasına nəzər salmağa çalışacağıq.

Ümumiyyətlə, şüuraltı düşüncə nədir? Biz bunun mahiyyətinin nədən ibarət olduğunu bilmədən əsas mətləbə vara bilməyəcəyik. Onun üçün də ilk öncə şüuraltı düşüncənin nə olduğuna diqqət edək və aydınlaşdırmağa çalışaq.

Şüuraltı düşüncə – insanın özündən asılı olmayaraq onun ağlına, fikrinə, hissinə qeyri müəyyən halda gələn ideyadır. Əksər hallarda düşündüyümüz şüuraltı deyilən bu ideyaya, insan düşüncəsinə gendən gələn irsi ötürmə kimi yanaşmalar da olur.

Bu ən vacib məsələlərdən birinə aydınlıq gətirdikdən sonra qalır bircə amil: İlk insan dünyanın hansı guşəsində “peyda” olub? Bəlkə də bir çoxları düşünəcəklər ki, bunun nə fərqi var? Təbii bunun elə də köklü fərqi yoxdur, ancaq ilk insanın yarandığı yeri müəyyən etmədən biz indiki sivilizasiyanın xilas yerini tapa bilməyəcəyik. Çünki insan yaranışı ilə bağlı bütün ehtimal nəzəriyyələrdə ona işarə edilir ki, insan harada yaranıbsa, xilası da oradadır. Məhz buna görə insanın ilk yaranış yerinin müəyyənləşməsi olduqca vacibdir. Hal-hazırda ilk insanın yaranış yerinin tapılması istiqamətində geniş miqyaslı “savaş” gedir. Nədən “savaş” gedir, buna da aydınlıq gətirək.

Bu “savaş”ın əsas məqsədi ondan ibarətdir ki, bütün millətlər dünyaya məhz onların ilk gəldiyini sübut etməyə çalışırlar. Bu yöndə ölkələr, dövlətlər, ayrı-ayrı irqlər barışmaz rəqabətlə yarışmaqda davam edirlər. Lakin son məqamda ilk insan yaranışının haradan başlandığını dərk edib, bildikdən sonra təəssüflər olsun ki, ya susmağa üstünlük verirlər, ya da ki, qeyri-ciddi, riya və yalanlar dolu cızma-qaralar yazaraq bəşəriyyəti yanlış istiqamətə yönəldirlər. Bütün bunlara rəğmən həqiqəti gizlətmək onlara həmişə müyəssər olmur.

Bu yerdə biz şüuraltı düşüncənin və ya ideyanın diktəsinin yaratdığı böyük rəsm əsərinə müraciət edib bəşəriyyəti maraqlandıran danılmaz və olduqca önəmli bir faktdan xəbər verməyə çalışacağıq. Bizim haqqında söhbət açacağımız şəxsin Azərbaycanı yaxından tanıdığı elə də inandırıcı görünməsə də, o hər halda Nuh Peyğəmbərinin (s.ə.v) bu yerlərə gəldiyindən daşqın zamanı məhz Azərbaycanı seçdiyindən xəbərdarmış desək əsl həqiqəti bir daha önə çəkmiş olarıq.

Bu şəxs tanınmış rəssam Salvador Dalidir. Sözün əsl mənasında böyük rəssam. Onun yüzlərcə mislsiz əsərləri mövcuddur. Ancaq bunların içərisində misli bərabəri olmayan, bəşərin xilasını əks etdirən, göz oxşayam rəsm əsəri var ki, bu əsərə baxmaqla doymaq olmadığı kimi, səthi yanaşmaq da mümkün deyil. Bu əsərində Salvador Dali heç kimin gözləmədiyi halda dünyanın xilas yerini Azərbaycanı seçmiş və hədəf kimi ölkəmizi göstərmişdir. Biz bunu tam əminliklə deyə bilərik, çünki əsərin özü bunu bizə dikdə edir. Əsər Bəşərin xilası adlanır.

Dünyanın ilk insanlarının məhz burda doğma Azərbaycanımızda yaranması heç kimə sirr deyil. Baxmayaraq ki, bunu ciddi cəhdlə digər millətlərin və ölkələrin bilim adamları, arxeoloqları, atropotoloqları, tarixçiləri bilsələr də bütün vasitələrdən istifadə edərək gizlətməyə çalışırlar. Lakin “cənab həqiqət” öz sözünü deyir.

Belə halda ortaya bizi həqiqətə aparan sual çıxır. Necə ola bilər ki, Nuh dünyanın heç bir yerində “gəmisinin lövbərini” salmağa yer tapa bilmir, gəlib “Gəmiqayaya ilişib qalır”?  Şumerlərin eyni adlı salnaməsi “dünyanın xilası” xalçasını nənələrimiz toxuyur. (Bu qədim xalça hal-hazırda Naxçıvanda xalça muzeyində saxlanılır.) Daha bir bariz sübut, ölkəmizdəki Azıx mağarasının bəşəriyyətin ən qədim insan məskəni olması lap çoxdan öz təsdiqini tapıb. Gəmiqayadan çox da fərqlənməyən, eksponatlarının sayına görə ondan daha zəngin olan Qobustan qayaüstü rəsmləri də buradadır. Daha nələr, nələr, nələr…?

Bütün bunlar bir daha sübut edir ki, dünya sivilyaziyası ilk insan yaranışına ölkəmizdən, Azərbaycandan başlayıb və dünyanın xilası da məhz buradan gözlənilir.

Dahi rəssam Salvador Dali də öz əsərində bunu demək istəyir və misilsiz əsərində Azərbaycanı hədəf göstərib.

Nuh Peyğəmbər kimi Salvador Dali də başqa cür hərəkət edə bilməzdi, çünki onu bu əsəri yaratmağa vadar edən (Nuhun gəmisini Naxçıvana istiqamətləndirən) qüvvə var idi. O bəşəriyyətə özünün xilas yerini əyani şəkildə fitri istedadının vasitəsi ilə çatdırmağa çalışmışdır. Bununla da demişdir ki: – Bu müqəddəs torpağı qorumaq lazımdır.

Yuxarıda qeyd edilənlərə şübhəsi olan varsa daha rəssam Salvador Dalinin “Bəşəriyyətin xilası” əsərinə yaxşı-yaxşı, təkrar-təkrar baxsın. O dünyanın xilas yerini, yaranış yerində Azərbaycanda görüb!!!

Bütün bunları aydınlaşdırıb dərk etdikdən sonra tam əminliklə deyə bilərik ki, çox da uzaqda olmayan gələcəkdə bəşəriyyət öz xilas yerini bildikdən sonra müqəddəs torpağımız Azərbaycan ziyarətgaha çevriləcəkdir.   

 

Qeyd: – Əsər haqqında məlumatı bu keçiddən əldə etmək olar:  

http://it.wahooart.com/@@/5ZKF8L-Salvador-Dali-Bambino-Geopoliticus-Guardando-la-nascita-dell-Uomo-Nuovo,-1943

 

Məhərrəm Zaman, yazıçı-publusist
“Davam” qəzeti
01.11.2011-ci il №8

Salvador Dali

Gizlədərəm, özgə bilməz,
Çəkərəm gizlicə, bilməz.
Min ağıllı çəkə bilməz
İndi bir dəli dərdimi.

Atın dağlara, daşlara,
Verin qurdlara, quşlara…
Bükün ağca qumaşlara
Bir sümük-dəri dərdimi.

Çəksin, qoy şəhanə çəksin,
Ya da dərvişanə çəksin.
Tapsın bir bəhanə, çəksin
Salvador Dali dərdimi.
                Dərviş Cavanşir,  1994-cü il

   Özümüzü tanıyaq

…Salvador Dalinin əsərindəki qəhrəmanının Azərbaycana tuşlanmış barmağı həm də onu göstərir ki, dünya bizi – yəni, bizim Azərbaycanı və biz azərbaycanlıları özümüzdən çox-çox yaxşı tanıyır. Vahid Rzayev demişkən: – “Tanıdıq, tanıdıq, dünyada hamını tanıdıq. Təkcə özümüz-özümüzü tanımadıq ki, tanımadıq.”

Gəlin özümüzü tanıyaq və çalışaq kimliyimizi, daha doğrusu böyüklüyümüzü aydınlaşdıraq ki, biz Azərbaycanlılar dünyaya – bəşər mədəniyyətinə nələr vermişik? Verdiyimizin əvəzini almışıqmı? Onu bizə az da olsa qaytarıblarmı? Bundan sonra nə verə bilərik? Verdiklərimizdən özümüz də faydalanmağı düşünürükmü? Yoxsa yenə də töhfələrimiz əvvəlkilər kimi qarşılıqsız olacaq?!

Əziz oxucular!
Yuxarıda deyilənlərə bir misal olaraq, 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti Daxili İşlər nazirinin müavini işləmiş, sonradan Almaniyada mühacir həyatı yaşayaraq xalqımızı ləyaqətlə təmsil etmiş, şərqşünas alim, general Sadıq bəy Ağabəyzadə ilə əlaqəli Gülər xanım Abdullabəylinin araşdırmaları mövcuddur və onlarla tanış olmağa Sizləri də dəvət edirik.

    Bundan başqa 525-ci qəzetin 09.11.2011 tarixli sayında görkəmli ilahiyyatçı alim Nəriman Qasımoğlunun “Hicrət və Cihad mücadiləsinin bəhrəsi” adlı məqaləsi də dərc edilmişdir.

Həmin yazıda rəhmətlik Sadıq bəyin dəyərli həyatının ancaq bir hissəsi öz əksini tapıb ki, bu da müqəddəs “Qurani Kərim”-in alman dilindən rus dilinə tərcüməsində göstərdiyi danılmaz xidmətdir…

 

Mirələkbər Seyidov
“Davam” qəzetində gedən yazıdan (13.12.2011, №23) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir