Zəngə-Zur bölgəsindən də şagirdlər internatda təhsil alırdılar…
Bizim kəndin uşaqları Sisian rayonunun Ərəfsə kəndindəki səkkizillik məktəbi bitirdikdən sonra təhsili davam etdirmək üçün ya Naxçıvana, ya da rayondakı Dəstəyird qəsəbəsinə gedərdilər. Bunların hər ikisinin özünəməxsus çətinlikləri və üstünlükləri var idi. Dəstəyirdin üstünlüyü ondan ibarət idi ki, o yaxın, Naxçıvan isə uzaq idi. Naxçıvanın üstünlüyü isə ondan ibarət idi ki, burada təhsil alan ərəfsəli uğaqların hamısı bir nəfər kimi, oğlanlı-qızlı daha yaxşı oxumaq imkanı əldə etmiş və ali təhsil almışlar. Bu gün onların bir çoxu professor, fabrik-zavod direktoru, biznesmen, müəllim, həkim və s. sahələrdə çalışır. Naxçıvanda oxumağın bu üstünlüyünü valideynlər də başa düşür, maddi imkanlarının ağır olmasına baxmayaraq, uşaqlarını buraya göndərirdilər.
Biz 1964-cü ildə kənd məktəbini bitirdikdən sonra sinif yoldaşım Fazil Sadıqovun atası İslam dayı və mənim atam Əli kişi bizi yük maşınında Naxçıvana gətirdilər. Mən əvvəlcə 2 saylı məktəbə getdim, amma dərsdən sonra atam gəlib dedi ki, mənim üçün çox gözəl bir məktəb tapıb və orada uşağı arxayılıqla qoyub kəndə qayıtmaq olar. Beləliklə, mən Əkbər Ağayev adına internat məktəbə qəbul edildim.
Səhərlər məktəbin təlim-tərbiyə məsələləri üzrə direktor müavini Muxtar müəllim və baş dəstə rəhbəri bizi sıraya düzür, sinif nümayəndələrinin raportunu dinlədikdən sonra növbə ilə siniflərimizə yollanmağa icazə verirdilər.
Əvvəllər bizim üçün çox rəsmi və quru görünən bu qaydalar tədricən adiləşdi. Muxtar müəllim isə sözün əsl mənasında bizim üçün doğmalaşdı. Bütün problemlərimizi Muxtar müəllimə və pioner dəstə rəhbərinə deyərdik. Hətta bizə evdən verilmiş qəpik-quruşu da etibarlı saxlanması üçün onlara verərdik. Bunun üçün müəllimlərdə adlarımız və pulumuzun məbləği yazılan dəftər də var idi.
Muxtar müəllim axşamlar məktəbin həyətində yerləşən yataqxanaya gələr, növbətçi müəllimlərə və uşaqlara nəzarət edər, hamını yerbəyer etdikdən sonra evlərinə gedərdi. Beləcə o, bizim üçün çox doğma bir adama çevrildi. Harada bir çətinliyə düşsək, mütləq problemimizi ona danışar, bizə kömək etməsini xahiş edərdik. Təbii ki, arzu və xahişlərimiz cavabsız qalmazdı. Ümumiyyətlə, bizim məktəbdə bir mehribanlıq var idi. Uşaqlar arasında heç vaxt dava-dalaş olmazdı. Mən həm kənddə oxuduğum illərdə, həm də Bakıda müəllim işlədiyim dövrlərdə uşaqlar arasında bəzən baş verən münaqişələri gördükdə, öz uşaqlığımı, Naxçıvanda oxuduğum illəri xatırlayıram. Məktəbimizdə hökm sürən bu mehribanlıq məhz Muxtar müəllimin fəaliyyətinin nəticəsi idi.
Məktəbi qurtaranda bizə pasport verdilər. Mənim və bizim kənddən olan uşaqların doğum şəhadətnaməsi ermənicə yazılmışdı və pasportu da ona uyğulaşdırmalı idilər. Mənim adım kənddən gətirdiyim sənədlərdə “Yelmar”, amma aldığım pasportda “Elmar” kimi yazılmışdı. Mən Muxtar müəllimin yanına gedib pasportumda səhv olduğunu dedim və ondan xətanı aradan qaldırmaq üçün kömək etməsini xahiş etdim. Muxtar müəllim pasporta baxandan sonra güldü və dedi ki, bu ad əvvəlkindən daha yaxşı səslənir. Gəl heç onu dəyişmə. Beləliklə, mən o vaxtdan bu adla yaşayıram.
Mənim üçün əziz və boynumda haqqı olan, başda Muxtar müəllim olmaqla, dünyasını dəyişən bütün müəllimlərimə Allahdan rəhmət diləyirəm, qoy onlarınn yeri behiştlik olsun, qəbirləri nurla dolsun
Elmar Məhərrəmov (1966-cı il 10-cu sinif məzunu):
(Bu materialların bir hissəsi “Azad Azərbaycan” qəzetinin 10 oktyabr 2014-cü il tarixli, 143 nömrəli sayında və “Müəllim Sözü” qəzetinin oktyabr 2014-cü il 07 saylarında nəşr olunmuşdur)