Zaman yaraları sağaldırmı…?

Çətinə, dara düşəndə çox eşitdiyimiz bir fikir…

Zaman yaraları sağaldır…

Əslində isə zaman yaraları sağalda bilmir! Zaman göynəyən, sızlayan yaraların üzərinə nazik bir tüldən örtük çəkir.

Xəfif bir meh, kövrək bir xatirə o tülü alıb uzaqlara aparır, göynəyən, yaralar yenidən qövr edir.

         Əzizini itirən, doğmasını əbədi ayrılıqla Haqq dünyasına yola salanların qəlbindəki o ağrını, acını sağaltmağa zamanın gücü çatmır. Hər an itirdiyimiz insanla bağlı xatirələr yada düşür, şirin təbəssümü, mə`nalı baxışları, hərarət dolu ürək sözləri onu yenidən bizə yaxınlaşdırır.

Sənin ayrılığının beş ili tamam olur, Elman!

Düz beş ildir ki, sənin təzə mənzilinə gəlib, qapısız, pəncərəsiz evində qonaq oluruq. Təsəlli yerimiz soyuq mərmər və sinə daşına düzülən tər çiçəklərdir. Çiçəklər sənə baharı xatırlatsa da, sənsizliyin, doğmalarının qəlbində baharsız  bir qış fəsli yaşadır.

Çox tələsdin dünyaya “əlvida” deməyə…

Axı sənin hələ dünyada görməli nə qədər işlərin var idi. Yazı masan, qələmin çox darıxır sənin üçün. Quran ayələrindən etdiyin qeydlər, onların açması və izahı sənin əlinin hərarəti üçün yaman qəribsəyir.

Sən ilahi bir elmə malik idin, sənin fikirlərin sadə və anlamlı idi. Müqəddəs kitabımız mübarək Qurandan hər bir sürənin ayrı-ayrı  ayələrini o qədər dərin mə`nalar və dəqiqliklə izah edirdin ki, Qurandan bixəbər olanlar belə o aləmə heyran olurdu.

İndi də dostların, doğmaların bir yerə cəm olanda söhbət mütləq sənin üzərinə gəlir, “Elman zəngin mənəviyyata, dərin təfəkkürə, nəhayətsiz idraka malik idi”-deyib sənin yoxluğunda da, sənin varlığınla qürur duyurlar.

İndi dostların, həmfikirlərin sənin ruhunla sirdaş olurlar.

Elmanı son dərəcə ciddi, ciddi olduğu qədər səmimi, yeri gələndə zarafatcıl və hər kəlməsinin çəkisini, əyarını bilən bir insan kimi tanıyan dostları onu itirməklə sanki sağ qollarını itirdilər…

Simasında əsl Azərbaycan kişisinin bütün müsbət xüsusiyyətləri cəmlənən, gözəl ailə başçısı, səmimi bir dost, dəyərli ziyalı, Azərbaycanın qeyrətli bir oğlu vətən torpağının üstündən altına köçdü…

Bəlkə bu başqalarına adi bir məkan dəyişməsi kimi görünərdi, amma Elman Əliyev kimi insanları tarix az-az yetirir… Əslində yaxşı, dəyərli nə varsa, o elə az olmalıdır!

Az olmalıdır ki, onun dəyəri bilinsin!

O Mövlanəni çox sevərdi. Hər kəlməsində Ulu Ustaddan sitatlar gətirər və sonra onun geniş izahını şərh edərdi. Dəqiq desək, Elman sözü-kəlamı təkcə oxumazdı, onun mə`na və çalarlarını gözü ilə görər və görməyənlərə bunu çatdırardı.

Deyirlər çox kitab oxuyanlar yox, dəyərli kitabları oxuyanlar aydın zəka sahibi olur. Elman Əliyev məhz belələrindən idi. Hər kəlmənin görünməyən, deyilməyən tərəfini, gizli mə`nasını tuta bilirdi. Sonra o mənaları ağlının mizan-tərəzisində ölçüb, düşüncəsi ilə cilalayar və ətrafdakılara çatdırardı.

Elə insanlar var ki onlar evdən gedir, Elman müəllim kimi zilalılar isə eldən gedir.

Bəlkə Azərbaycan torpağı ona görə belə zəngindir ki, bu torpağın altında Elman Əliyev kimi neçə-neçə elm və zəka sahibləri uyuyur.
Allah Elman Əliyevə rəhmət eləsin!     

 

***

                                   İşıqlı ziyalı Elman Əliyevin xatirəsinə ithaf

                                                         Qəzəl

                           Qoyma, Ya Rəbb, ürəyim meyl edə pərvanələrə,

 Hər sevən həmtay olar eşqdə divanələrə.

 

Eşq odu qəm gətirər, qəm də gözə nəm gətirər,

Nəzər et aşiq ilə dost olan həmxanələrə.

 

Hanı Leyli, hanı Əsli, demə əfsanə imiş,

Məni nisbət eləmə tarixi əfsanələrə.

 

Göz yaşım axdı dəmadəm, necə neysan oldu,

Sal nəzər gözdən axan xırdaca dürdanələrə.

 

Mən vəfa aşiqiyəm, özgələr ilə yox işim,

Tutma nisbət məni, gəl eşqinə biganələrə.

 

Kim desə haqqa nahaq, haqqına girmiş o kəsin,

Haqq özü göndərəcək, üz tuta viranələrə.

 

Munisin, Elmanı vəsf eyləmə var nəfəsi,

Söz onu tay eləmiş gör necə məstanələrə.

 

                                                                             17.09.2016

Gülarə Munis. AYB və AJB üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir